Müasir dövrdə enerji resurslarının qənaətlə istifadə olunmasının əsas istiqamətlərindən biri də əldə olunmuş resursların effektiv istifadəsidir. Çox böyük maliyyə vəsaitlərinin alternativ enerji mənbələrinin işlənməsinə yönəldildiyi bir vaxtda əldə olunmuş enerji resurslarının qeyri-effektiv istifadə olunması yolverilməzdir. Ölkəmizdə böyük miqyasda müxtəlif təyinatlı tikinti işləri gedir. Bu məqalədə yaşayış binalarının istismarı zamanı enerjinin daha effektiv istifadə olunması üçün bu binalarının lahiyələndirilməsi və tikintisi prosesində görülməsi lazım olan izolyasiya işlərini araşdırmağa çalışacağıq.
Məişətdə istifadə olunan enerjinin əsas hissəsi mənzillərdə normal temperaturun təmin edilməsinə - yayda sərinlətməyə, qışda isə qızdırmağa – sərf olunur. Bunu nəzərə alaraq deyə bilərik ki, yeni tikilən və artıq tikilmiş binaların istilik izolyasiya parametrlərinin normativə uyğunlaşdırılması böyük miqdarda enerji resurslarının qənaətinə imkan yaradar. Bunu hesablamalarla aydınlaşdırmağa çalışaq.
Bakıda tikilən bir çox binaların çöl divarları 38-40 sm qalınlıqda içi boş keramik kərpiclə hörülür və hər iki üzünə 1,5-2,0 sm qalınlıqlı suvaq vurulur. Belə bir divarın istilikkeçirmə müqavimətini (R) hesablayaq. СНиП II-3-79(1998) – dən istifadə edərək içi boş keramik kərpicin istilikkeçirmə əmsalının İk=0,52w/(m*oC), suvaq üçün isə İs= 0,93 w/(m* oC) olduğunu görə bilərik. İstilikkeçirmə müqaviməti materialın qalınlığının onun istilikkeçirmə əmsalına nisbətinə bərabər olduğundan Rk=dk/İk= 0,4/0,52=0,769m2* oC /w və Rs=0,04/0,93=0,043 m2* oC /w olduğunu alırıq. Divarın toplam istilikkeçirmə müqaviməti Rd=Rk+Rs=0,769+0,043=0,812 m2* oC /w olar.
Bakı şəhəri üçün divarların istilikkeçirmə müqaviməti neçə olmalıdır? СНиП 23-01-99-dan Bakı üçün bir il ərzində ortalama sutkalıq temperaturun +10 oC- dən yuxarı olmadığı günlərin sayının 137 və bu 137 gün üçün havanın orta temperaturunun +5,8 oC olduğunu tapa bilərik. Buradan da mənzillərin illik dərəcə-gün göstəricisini hesablasaq D=(22-5,8)*137=2219,4 olur. СНиП 23-02-2003 -dən istifadə edərək Bakı şəhəri üçün istilikkeçirmə müqavimətinin normativlərinin divar üçün Rd.norma= 2,1 m2* oC /w, dam və qızdırılmayan zirzəmi üzərindəki döşəmə üçün isə Rdö.norma=2,8 m2* oC /w olduğunu tapa bilərik.
Yuxarıda divarın istilikkeçirmə müqavimətinin Rd=0,812m2* oC /w olduğunu hesabladıq. İstilik itkisi Ed=1/Rd olduğundan hesabatımız üçün Ed=1/0,812=1,232w/(m2*oC), normativ olaraq isə Ed.norma=1/2,1=0,476 w/(m2*oC), alınır. Göründüyü kimi, divarlarda olan istilik itkisi normadan Ed/Ed.norma=1,232/0,476=2,59 dəfə çoxdur. (Anoloji olaraq bu göstəticinin döşəmə üçün 3,23 olduğunu hesablaya bilərik). Bunun qarşısını almaq üçün divarların İstilikkeçirmə müqavimətni normativə uyğunlaşdırmaq, yəni Rf= Rd.norma - Rd=2,1-0,812=1,288 (m2* oC /w) fərqini aradan qaldırmaq lazımdır.
СНиП II-3-79(1998)-dən istifadə etsək görərik ki, istilik izolyasiya materiallarından ən kiçik istilikkeçirmə əmsalı penopoliuretandadır – quru halda İp.quru= 0,035 w/(m* oC) , normal istismar şərtlərində isə İp.istismar=0,041 w/(m* oC). Nəzərə alsaq ki, mövcud texnologiya penopoliuretanı istənilən hava şəraitində istənilən formalı səthə püskürtmə yolu ilə vurmağa imkan verir, penopoliuretanın yanmayan markaları var və penopoliuretan vurulduğu səthə çox güclü yapışır, bu materialın istilik izolyasiyasiyası kimi üstünlükləri bir daha təsdiqlənir. Baxdığmız divarın istilikkeçirmə əmsalının normada olması üçün nə qalınlıqda penopoliuretan lazımdır? R=d/İ olduğundan d=Rf*İp.istismar=1,288*0,041=0,053metr=5,3sm olar. Divara çöl tərəfdən vurulan emulsiya qatını, iç tərəfdən vurulan divar kağızlarını və s. nəzərə alsaq 5,0sm qalınlıqlı penopoliuretan izolyasiya qatı istilikkeçirmə müqavimətini normativlərə uyğunlaşdırmaq üçün yetərli olar. Divarı iki tərəfdən 10sm qalınlıqlı kərpiclə hörüb, arasını isə 7sm qalınlıqda penopoliuretanla doldursaq ümumi qalınlığı 30sm olan və istilik izolyasiyası parametrləri normativə uyğun olan divar almış olarıq (0,2/0,52+0,04/0,93+0,07/0,041=2,138 kiçikdir 2,1 ) . Beləliklə çöl divarın qalınlığı 10sm azalmış olar ki, bu da hər 10 metr üçün mənzilin sahəsinin 1m2 artması deməkdir.
Yuxarıda göstərilən mənbələrdən istifadə edərək hesablamaq olar ki, damın və alt mərtəbəsi qızdırılmayan döşəmənin istilik izolyasiyasının normativlərə uyğun olması üçün 10sm penopoliuretan qatının vurulması kifayətdir. Eyni döşəməni keramzitbetonla izolyasiya etmək üçün 2,4 metr qalınlıq lazımdır!
Digər tərəfdən divarların istilik müqavimətini azaldan faktorlardan biri də nəmlikdir. Əgər СНиП 23-02-2003-də 12-ci cədvələ baxsaq görərik ki, rütubətin maksimum icazə verilən miqdarı keramik kərpic üçün 1,5%, mineral plitələr üçün 3% və penopoliuretan üçün isə 25%-dir (penopoliuretan maxsimum 4% rütubət çəkir). Nəzərə alsaq ki, Bakıda yağış bir çox hallarda güclü əsən küləklərlə müşayət olunur, belə bir nəticəyə gəlmək olar ki, divarların islanmadan qorunması vacib problemlərdəndir.
Divar üzlərinin islanmasının qarşısını alınması üçün bir çox materiallar təklif olunur. Lakin bunlardan ən müasiri və effektlisi kremniy-orqanik əsaslı olanlardır. Bu materiallarla işlənmiş divarın üzü istər təbii üz daşı olsun, istər kərpic, istərsə də emulsiya ilə rənglənmiş - heç bir rəng dəyişikliyi müşahidə olunmur, qabıqlamır, hava keçirməsi əngəllənmir ( divar nəfəs alır). Kremniy-orqanik birləşmələrlə işlənmiş divarlar kirlənmir və yağış yağarkən öz-özünə yuyulmuş olur. |